Rüfət Qarayev məhərrəm ayının və Aşura gününün tarixlərini açıqlayıb
Rüfət Qarayev məhərrəm ayının və Aşura gününün tarixlərini açıqlayıb
"Bu il Aşura günü iyunun 25-nə təsadüf edir"
Bunu Yeni info.az saytına açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurasının üzvü, Heydər Məscidinin imamı Rüfət Qarayev bildirib.
Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində məhərrəm ayının ilk günüdür.
"Bu tarix, eyni zamanda, hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır", - deyə o bildirib.
İlahiyyatçı alim qeyd edib ki, məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür.
"Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda, ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicrətin 61-ci ilində baş vermiş bu hadisə zamanı Peyğəmbərin (s) nəvəsi imam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşlarında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir", - deyə ilahiyyatçı alim vurğulayıb.
"Azərbaycanda məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, xütbələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir", - deyə Rüfət Qarayev əlavə edib.







Oxşar -Yeniinfo.az
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ceyhun Bayramov Yaponiyaya getdi
Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb
Rüfət Qarayev məhərrəm ayının və Aşura gününün tarixlərini açıqlayıb
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Bakıda “KamAz” piyadanı vurub
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb