“Araz-Naxçıvan” ilk dəfə avrokuboklarda çıxış edəcək - ŞƏRH
Diqqətçəkən məqam “Araz-Naxçıvan” klubu ilə bağlı oldu.
Misli Premyer Liqasında ötən həftəsonu XXXV turun görüşləri baş tutdu. Diqqətçəkən məqam “Araz-Naxçıvan” klubu ilə bağlı oldu. Belə ki, mayın 17-də səfərdə “Şamaxı”ya qalib gələn (1:0) bölgə təmsilçisinin sona bir tur qalmış 2024/2025 mövsümünü üçüncü pillədə başa vuracağı rəsmiləşdi. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda tarixində ilk dəfə Azərbaycan çempionatının elitasında bürünc medallara yiyələndi. “Araz-Naxçıvan” həmçinin ölkəni ilk dəfə avrokuboklarda təmsil etmək hüququ qazandı.
Əlbəttə, Naxçıvan təmsilçisinin bu uğuru çox qiymətlidir. Birincisi, ona görə ki, komanda heyət, şərait və maliyyə təminatı baxımdan əksər Premyer Liqa təmsilçilərindən geri qalır. Komandanın rəqiblərini Naxçıvanda, doğma azarkeşləri önündə deyil, Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul etməsi də böyük problem sayılırdı. Bütün çətinliklərə rəğmən, “Araz-Naxçıvan” mövsümü “Qarabağ” və “Zirə”dən sonra üçüncü pillədə başa vurmağa müvəffəq oldu. Elmar Baxşıyevin komandasının daha yaxşı şərtlər fonunda çempionatda mübarizə aparan “Turan Tovuz”, “Sabah”, “Neftçi” və “Sumqayıt” kimi rəqibləri arxada qoyması qazanılan bürünc medalın və qitəmiqyaslı turnirə vəsiqənin dəyərini daha da artırır.
“Araz-Naxçıvan” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Əlbəttə, komandanın debüt mövsümündə qitə arenasında necə yadda qalacağını indidən təxmin etmək çətindir. Amma bir şey dəqiqdir ki, mövcud heyətlə uğurlu çıxışa ümid etmək sadəlövhlük olardı. Elə rəhbərlik də bunun fərqindədir. Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun məlum uğurdan sonra söylədiklərinə fikir verək: "Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Qeyd edim ki, artıq növbəti mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komanda avrokubokda daha uğurlu çıxış etsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq".
Oxşar -Yeniinfo.az
“Neftçi” "Araz-Naxçıvan"ın futbolçusunu transfer edib
Azərbaycan millisi EEVZA çempionatında pley-offa yüksəlib
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb, Hidayət Heydərov "10-luq"dan kənarda qalıb
KİV: Ronaldu "Əl-Nəsr"də 200 milyon avro qazanacaq
Qurban Qurbanov: "Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Azərbaycanın basketbol millisi Qazaxıstanda çempion olub
Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu, vebsaytı və sosial şəbəkə səhifələri təqdim olunub
AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq