Putin Hindistandan nə istəyir? - Ekspert
Putin Hindistandan nə istəyir? - Ekspert
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Vladimir Putin xarici səfərlərə ara vermişdi. Ancaq son zamanlar Rusiya prezidentinin səfərlərinin sayı artıb. O, Çin və Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Hindistana gedib.
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Putin Hindistana iki günlük səfəri zamanı Dehli ilə əsasən hərbi-texniki və enerji əməkdaşlığının konturlarını müəyyənləşdirməyə çalışacaq:
“Onun buna nail olması asan deyil, çünki Vaşinqton Dehliyə təzyiqi artırıb. Məqsəd Hindistanın Rusiyadan hərbi texnika və neft alışını minimuma endirməkdir.
Hindistanın Baş naziri Narendra Modi Rusiya ilə ABŞ arasında balansı qorumaq məcburiyyətindədir. Buna baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Dehli vasiətiçilik təşəbbüsləri ilə çıxış etməyə üstünlük vermir. Çünki Dehlidə anlayırlar ki, Putin onsuz da bu təşəbbüsləri qəbul etməyəcək”.
Ekspertin fikrincə, Putin Narendra Modini Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə inandırmağa çalışacaq:
“Hindistan son günlərə qədər Rusiyadan ucuz neft alırdı. Ancaq ABŞ-ın Rusiyanın neft şirkətlərinə sanksiyaları sərtləşdikdən sonra Hindistanın neftayırma zavodları ərəb ölkələrinə üz tutdular.
Hindistan neft alışı məsələsində ehtiyatlı mövqe tutsa da, Dehli Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıqdan imtina etmək istəmir. Dehli ilə Moskva arasında 2018-ci ildə imzalanan sazişə görə, Rusiya Hindistanı S-400 raketləri ilə təchiz etməlidir. Bu komplekslərdən üçü Hindistana verilib. Bundan başqa, Rusiya Hindistana Su-57 döyüş təyyarələrini təklif edib və Hindistanla nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək istəyir.
Vladimir Putin səfərdən əvvəl “İndia Tudey” nəşrinə verdiyi müsahibədə “Rusiya-Hindistan əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib” fikirini işlədib. Görünür, Kreml sahibi bununla Vaşinqtona, Pekinə və İslamabada mesaj göndərib. Çünki məhz bu 3 paytaxtda Putinin Dehlidə əldə edəcəyi razılaşmalar diqqətlə analiz ediləcək. Putin Vaşinqtonun Rusiyanın Hindistanla enerji əməkdaşlığını mane olmasına özünəməxsus şəkildə cavab verib: “ABŞ-ın özü atom elektrik stansiyaları üçün Rusiyadan nüvə yanacağı alır”. Bununla Putin demək istəyib ki, ABŞ Rusiyadan nüvə yanacağı aldığı halda başqa dövlətlərə Rusiyadan nüvə yanacağı almağı qadağan etmək istəyir.
Putinin bu açıqlamasının ABŞ Prezidenti Donald Tramp üçün əhəmiyyəti yoxdur. Çünki Ağ Ev sahibinin əsas şüarı “Birinci növbədə Amerikadır”. Buna görə də Dehli Rusiya və ABŞ-la münasibətlərdə balansı birinin xeyrinə pozmayacaq”.







Oxşar -Yeniinfo.az
Ukrayna qoşunları beş kəndi azad etdi
Yer kürəsi yavaşlayır, günlər uzanır
İran İraqa qaz tədarükünü bərpa edəcəkmi?
Hərəkətsizlik xərçəng riskini artırırmı?
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Meloninin xəbərdarlığı: 2026-da bizi nə gözləyir?
Yaponiya Nazirlər Kabineti rekord müdafiə xərcləri olan büdcə layihəsini təsdiqləyib
KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb