Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyunun 15-dən etibarən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadır.
Bu barədə "Yeniinfo" ADY-yə istinadən xəbər verir.
Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.
Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.
Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.
Bilet satışına artıq 5 iyun tarixindən start verilib. Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16,20 manat təşkil edəcək.
Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az) əldə etmək mümkündür.
Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.
ADY Bakı–Qazax–Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa–Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı–Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.
Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək, məlumatda deyilir.







Oxşar -Yeniinfo.az
Qusarda 3 metr qar yağdı - Sakinlər köməksiz qaldı
Dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxıldı
Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?